Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və ATGTİ-nin təşkilati dəstəyi ilə “Diplomatiyanı səfirdən öyrən” adlı layihə çərçivəsində 5 görüş baş tutub. Qeyd edilən görüşlərdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Jankaukas, Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Xuan Rodrigo Labardini Flores, Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Kim Tonq-op, Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez və Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Adil Embarş qonaq qismində iştirak etmişdir.

Keçirilən görüşlərin hər birində ilk növbədə ATGTİ-nin Baş Katibi Ramin Həbibzadə qonaqlara ittifaqın bu günə qədər olan fəaliyyəti və görülən işlər haqqında ətraflı məlumat verib, həmçinin gələcəkdə həyata keçiriləcək tədbirlər müzakirə olunub.

Baş katib Ramin Həbibzadə hər bir görüş zamanı ali diplomatların hər birini tələbələrə təqdim edərək, layihənin təşkilində Gənclər Fondunun dəstəyi ilə keçirildiyini qeyd edib. O, layihə iştirakçılarını qonaqların nitqinə diqqətlə qulaq asmağa dəvət edib.

Keçirilmiş hər 5 görüşdə diplomatlar öz növbəsində tələbələri salamlayaraq Azərbaycandakı fəaliyyətindən əvvəl müxtəlif ölkələrdə qazandığı iş təcrübəsi haqqında iştirakçılara geniş məlumat verib. Həmçinin bir diplomat kimi qarşılaşdığı çətinlikləri və onların həll yollarının sirrlərini bölüşüb. Diplomatlar diplomatik etiket və protokol qaydalarını da tələbələrlə bölüşüblər.
Ali diplomatlar Azərbaycan ilə ikitərəfli münasibətlərin dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulmasından və bir çox sahələri əhatə etməsindən də söz açıblar. Onlar Azərbaycan ilə əməkdaşlıq və dostluq sazişlərinin bağlanmasını ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da inkişaf etməsilə əlaqələndirib.

Görüşün sonuna yaxın səfirlər iştirakçıların suallarını cavablandırıb.

Görüşlərin hər biri xatirə şəklinin çəkilməsi ilə başa çatıb.